Thursday, June 17, 2010

Müxalifətə dair



Azərbaycan elə ölkələrdəndir ki, burada müxalifət partiyalarının bir biri ilə rəqabət aparması partiya funksionerlərindən başqa heç kimi maraqlandırmır. Evində qaz, işıq problemi olan adamın fikirləşdiyi ancaq bu problemin həll olunması ola bilər. Daha onu müxalifətdə İsa Qəmbərin və ya Əli Kərimlinin daha yaxşı olub olmaması maraqlandırmır. Vacib bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycanda bu gün əhalinin narazı hissəsinin əksəriyyət və bəlkə də ondan da çox hissəsi Lalə Şövkəti çox pis xatırlayır, Əli Əliyevin isə kim olduğunu bilmir.

Bu gün Azərbaycanda müxalifət var. Müxalifətin olmamağını iddia etmək korluqdan başqa bir şey deyil. Müxalifətin tərkibində cəsarətli insanlar da var. Bu insanlar Azərbaycanda demokratik mühitin yaranması üçün əllərindən gələni edirlər və onlara yardımcı olmaq, onlara dəstək vermək məncə hər birimizin borcu olmalıdır.

Amma...

Son zamanlar müxalifət partiyaları arasında olan problemlərin fərqində olmayan yoxdur. Problemlər isə çox kiçikdir, arqumentlər ondan da cılız. Hər kəs birləşməməyin günahını bir-birinin üstünə atır. Azadlıq bloku Musavata əməkdaşlıq təklif edir, Müsavat isə sadəcə AXCP ilə əməkdaşlığın tərəfindədir. Sözün düzü burada Müsavatın mövqeyi mənə daha yaxındır. Çünki İsa Qəmbər agent və satqın adlandırdığı partiya ilə əməkdaşlığa getsə təbii ki, etibarını itirəcək. Həmçinin burada Əli Kərimlinin mövqeyini də dəstəkləməmək olmur. O da öz müttəfiqlərini seçkiyə bir neçə ay qalmış atmaq istəmir. Bu şeyləri çoxdan, lap çoxdan danışmaq lazım idi. Ancaq hər halda İsa bəyin mövqeyi mənə daha yaxın gəlir. Həmçinin İsa bəy, gənclər tərəfindən ona verilən bütün suallara cavab verib. Əli bəyə suallarımız çox olsa da ondan şəxsən heç bir cavab almamışam(ıq). O cümlədən, onu da bildirim ki, Azadlıq blokunun aksiyalarında blokun yalnız AXCP-dən ibarət olduğunu açıq şəkildə görmək mümkündür.

Etiraf problemi...

Müxalifətin digər problemi isə etirafla bağlıdır. Təbii ki, bugünkü Azərbaycan reallığında müxalifət keçirdiyi tədbirləri uğurlu saya bilər. Hətta mən onları uğurlu sayardım. Ancaq ki bu tədbirlərdə, hər kəsin gördüyü elementar səhvlər olur ki, onları mütləq etiraf etmək lazımdır. Məsələn, sosial şəbəkədə Arif Hacılı Müsavatın son aksiyasını ilin ən yaxşı aksiyası adlandırıb. Mən müstəqil bir gənc kimi iddia edirəm ki, Azadlıq blokunun(AXCP--nin) aksiyaları və Müsavatın əvvəlki aksiyası bu aksiyadan dəfələrlə uğurlu olub. Bunu etiraf etmək dünyanın sonu deyil. Arif bəy sonra da onu qeyd edir ki, sonuncunun əvvəlkindən daha pis olduğunu demək siyasi cəhətdən zərərlidir. Arif bəy əgər siz bunu deyirsinizsə və burada siyasi gediş(taktika) işlədirsinizsə bunun sirrini daha niyə açıb ortalığa tökürsünüz? Mən bilirəm niyə...Çünki gediş(ilin ən yaxşı aksiyası elanı) özü uğursuz olduğundan açıqlamaya ehtiyacı var. Uğursuz gedişin açıqlaması gedişin özündən uğursuz olur.
Bizim hər birimiz (yəqinki) birləşmiş, güclü müxalifətin tərəfindəyik. Ancaq müxalifət (AXCP və Müsavat) üzvlərinin, funksyonerlərinin bir-birlərinə qarşı etdikləri qəbuledilməz ittihamlar insanları mübarizədən uzaqlaşdıra bilər. Çünki hal hazırda mübarizə meydanında AXCP və Müsavatdan başqa partiya yoxdur. Hər kəsin də ümidi bu müxalifətədir. Mən başqa müxalifət qəbul etmirəm.

No comments:

Post a Comment