Thursday, May 27, 2010

Üçbucaq



Yastığı başımın altına qoyub ayağım ayağımın üstündə əlimə keçən təsadüfi qəzeti oxuyuram. Xəbərlər elə də ürək açan deyil. 50 qramdan sonra oxumaq daha məqsədəuyğundur. Məsələn, 3 xəbər Avroviziya yarışması barəsindədir -  Səfürənin rəqibləri dəyərləndirilir. 1 xəbərdə də yazılıb ki, Azərbaycan höküməti daşqının qarşısını aldı. Qəzetin sağ küncündə, yuxarı hissəsində Heydər Əliyevin şəkili var. Şəkilin altında təntənəli şəkildə bu sözlər yazılır : "Heydər Əliyev - Müstəqil Azərbaycanın banisi".

Müasir Azərbaycan barəsində danışmaqdan öncə çox düşünmək lazımdır. Çünki dəbdəbəli küçələr, yeni salınan yollar, tikilən binalar, körpülər gözümüzü aldada bilər. Demək olar ki, artıq çox insan bu dəbdəbəyə aldanıb. Çox adam anlaya bilmir ki 70 AZN pensiya olan bir ölkədə "Lacoste", "Armani" dükanlarının olması rəzillikdən, mənəviyyatsızlıqdan başqa bir şey deyil.
Yadınızdadırsa bulvarda təqaüdçülər üçün çayxana var idi. Burada çayın qiyməti 1 AZN idi. Mənim babam ora tez - tez gəlirdi. Elə babamı görmək istəyəndə o çayxanaya gedirdim. Sonra çayxananı sökdülər, yerinə qlamur bir kafe açdılar. Mən də artıq babamla gec-gec görüşürəm. Sözün düzü 1 ildi görmürəm. İndi bulvarda çay 2 AZN-dən aşağı deyil. Ona görə kişi öz evində oturub öz çayını dəmləyib içir. Düz də edir.

Cənablar, ölkənin bir hissəsi su altında qalıb. Camaat taxtadan qayıq düzəldib öz həyətlərində üzdüyü bir vaxtda Eurovision gözəlçəmizə 10 milyon AZN pul xərcləyiblər. Fəlakət zonasına verməyə isə pul yoxdu. Bunlar hələ hər gün Ermənistanı müharibə ilə hədələyirlər. Aydın görünür ki, müharibəni də bu ağılla etsələr, ermənilər 2-ci 20 faizi də işğal edəcəklər. Beləliklə ölkəmizin 40 faizi erməni işğalı altında, 50 faizi də Əliyevlərin işğalı altında olacaq. Sözün düzü erməni işğalının bir çoxumuzun həyatına elə də ciddi təsiri yoxdur. Azərbaycan üçün ən qorxulusu Əliyevlərin işğalıdır. Həmdə ki, biri var torpaq işğal altında olsun, biri də var insan...Bunlar nefti yeyib bitirdikdən sonra olacaqlar ağılasığmazdır. Ölkədə çörək problemi olacaq. Sonra da İran və ya Rusiyadan biri çıxıb deyəcək ki, gəl mən sənə nə qədər istəsən çörək verərəm. Aclıq olan zaman azadlıq, demokrasi hər zaman ikinci plana keçir.

AXC, AzSSR və bugünkü Azərbaycan Respublikası - Azərbaycan ərazisində olan 3 dövlətdən ən bərbadı müasir Azərbaycandır. Bu ölkədə hər cür alçaqlığın, şərəfsizliyin şahidi olmaq olar. Bu sistemdən qorunmaq çox çətindir. Qorunmaq istəyib qoruna bilməyənləri də qınamaq olmaz. Rüşvət sadəcə və sadəcə həyat tərzinə çevrilib. İnsanlar bununla barışıb, ona görə rüşvətlə mübarizə aparanların ağlı yoxdur. Xalqı inandırmaq üçün rüşvəti aradan qaldırmağı vəd etmək axmaqlıqdan başqa bir şey deyil.

Təhsil səviyyəsi sıfırın altında. Burada oxumaq istəyən də oxumayacaq. Bütün bunlar barəsində çox yazmışam, ona görə də təkrarçılığa yol vermək istəmirəm (50 qram içilir).

***

Qəzetin ikinci səhifəsini açdım. Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsi olduğunu iddia edən bir yazı gözümə sataşdı. Yenə də sağ küncdə, yuxarı hissədə - " Müasir Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır" yazısı.

Yazı Demokrat qəzetində dərc olunub.

No comments:

Post a Comment